Ev tikmək üçün 19 nəfərə söz verdi, 1 milyona yaxın "pul atdı"
- 26.11.2026 17:24
- 71 baxış
Bakıda 19 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri polisə daxil olan çoxsaylı şikayətlər əsasında həbs edilib.
Respublikaxebertv.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, "T-Group" MMC-nin direktoru Teymur Məhərrəmov 1 milyon manata qədər pul ələ keçirməkdə təqsirli bilinib.
İttihamda deyilir ki, şirkət rəhbəri vətəndaşlara Qəbələ, Quba, Qax, Şamaxı, Xaçmaz rayonlarında ev, hovuz və istirahət guşəsi inşa etdirəcəyi barədə yalan vədlər verib.
Məsələn, o, ev tikdirmək üçün Qubanın Qəçrəş kəndində bir nəfərdən 150 min manat, Qaxın Qaxbaş kəndində tikinti adı ilə 96 min, Qəbələdə isə ev tikintisi üçün 82 min manat pul alıb. Məhərrəmov pulları ofisdə əlbəəl, bir hissəsini isə kart hesabına köçürmə yolu ilə əldə edib, amma verdiyi vədə əməl etməyərək aradan çıxıb.
Aldadılan çoxsaylı zərərçəkmişlər polis idarəsinə üz tutduqdan sonra Teymur Məhərrəmovun əməlləri ifşa edilib.
Şirkət rəhbərinin işini Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanova araşdırıb.
Çoxsaylı zərərçəkmişlərin və şahidlərin də ifadələri ilə təqsirləndirilən şəxsə verilmiş ittihamlar sübuta yetirilib.
Böyük məbləğdə pullar itirən zərərçəkmişlər başlarına gələnləri bir-bir hakimə danışıb, pullarının qaytarılmasını istəyiblər. Əks halda, zərərçəkənlər təqsirləndirilən şəxsin ağır cəzalandırılmasını istəyiblər.
Məhkəmənin hökmü ilə Teymur Məhərrəmov külli miqdarda dələduzluqda təqsirli bilinib, ona 7 il həbs cəzası verilib.

